Aytən Eyvazon
Ay səmada sərgərdan dolanır. Uzun məsafələr qət edir. Çox üzgündü. Tənha darıxır. Nə etsin bilmir. Dost olmaq üçün özü kimi birini axarır. Lakin səyləri faydasız olur. Sanki bu qoca səmada ondan başqası yoxdur. Tənhalıq hissi onu çox üzür. Ətraf sonsuz qaranlıq. O isə tək. Niyə yarandığını, nə üçün səmada dolandığını anlamırdı. Yaradılışının səbəbini bilmirdi. Üzgün baxışlarla ətrafa baxıb dolanırdı.
Birdəm qaranlıq səmada bir-bir parlayan ulduzları gördü. Çox sevindi. Ulduzlar hər tərəfə səpələnmiş parıldayırdılar. Sanki bir-birləri ilə yarışırdılar. Ayın qəm-qüssəsi dağıldı. Artıq tək olmadığını görüb sevindi. Bir müddət onların gözəlliklərinə tamaşa etdi. Ulduzların yaratdıqları cürbə cür rəsmlər ayı əyləndirirdi. Çox xoşbəxt idi. Qərara gəldi ki, onların yanına gedib onlarla dost olsun. Yola düşdü. Onlara tərəf getdiyini sandı. Dolandı-dolandı illərlə yol getdi. Amma həsrətlə baxdığı ulduzlara çata bilmədi. Ulduzlar ondan çox uzaqda parlayırdılar. İndi o yenə tənha idi. Yenə üzgün, ümidsiz. Bəzən ulduzlara baxıb dərindən ah çəkir, gözləri dolurdu.
Bu ucsuz-bucaqsız səmada tək olduğunu düşünüb üzüldüyü an birdəm qarşısından buludlar çəkilir və özünə oxşar birini görür. Ay bundan çox təəccüblənir. Bu gördüyü Yer idi. Özüdə ona çox yaxın. Ulduzlar kimi uzaqda deyildi. Ay sevincindən dahada bərk parlayır. Onun işığı Yeri işıqlandırır. Yeni dostu ona oxşasada həmdə ondan fərqli idi. Bir müddət yerin başına dolanaraq onu seyr edir. Ordakı dağlar, dərələr, okenlar, çaylar onu heyran edir. Ən çox yaşıl meşələrə və rəngbərəng çəməliklərə tamaşa edir. Yer ondan fərqli olaraq rəngli idi. Bu ayın çox xoşuna gəlmişdi.
Bir müddət yeri seyr etdikdən sonra orda hərəkət edən cisimlər gördü. Bunların nə olduğu ona çox maraqlı idi. Çox qəribə varlıqlar idilər. Hərəsi bir işlə məşğul idi. Bəziləri ağacları kəsib nəsə tikir, bəziləri sularda üzür, bəziləri isə dağlara dırmaşırdılar. Amma Aya maraqlı o oldu ki, niyə bu varlıqlar bir yerə yığışıb bir-birlərini öldürürlər? Onlar ki, Ay kimi tənha deyildilər. Niyə bir-birlərini öldürüb tək qalmaq istəyirdilər? Onları anlamaq Aya çox çətin idi. Qərara aldı ki, buludların arxasında gizlənib onları izləsin. Amma çox qəribə. O buludlar arxasında olanda sanki o canlılar az hərəkət edirdi. Bu Aya maraqlı oldu. O buludlar arxasından çıxdı. Dahada gur parlayaraq yerə işıq saçdı. İnsanlar onun işığında yol getdilər, gecə işlərini gördülər. Bu Ayı çox sevindirdi. Kiməsə lazım olduğunu bilmək onu xoşbəxt edirdi. Hətta onun işığından yerdəki sularda çoxalırdı. Beləcə uzun illər Ay Yer və onda yaşayanlarla dostlaşdı. Onlara qaranlıqda işıq saçıb yol göstərdi. Bəzən darıxanda buludların arxasına keçib onlarla oynayırdı. Tək olmadığı üçün çox xoşbəxt idi. İllər, qərinələr bu cür davam etdi.
Amma sanki Ayın Yerə sevgisi bir tərəfli idi. Bunu Ayda hiss etmişdi. Yerə işıq saçsada, insanlara yol göstərsədə özü daim zülmətdə idi. Ətrafı həmişə qaranlıq idi. Ancaq anlaya bilmirdi bu qaranlıq zülmətin içində o necə bu qədər parlaq ola bilirdi. Bunun səbəbi nədir? Bu sualın cavabını tapmaq üçün yenə səyahətə çıxdı. Çox zaman dolandı. Nədən qaranlıq aləmdə bu qədər işıq saçdığını anlamaq istəyirdi. Və qarşısına möhtəşəm mənzərə açıldı. Ay bu gözəllikdən donub qaldı. Bu tam fərqli, çox işıqlı bir şey idi. O nə ulduzlar nədə yer kimi idi. Bu gördüyü Günəş idi. O Aya baxıb gülümsədi. Onun parlaqlığı Ayı heyrətə gətirdi. Günəşin parlaq, isti şüaları Ayın donmuş qəlbini isitdi. Bu an Ay özünə baxdı. Anladı ki, Günəşin işığıdı onu parlaq edən, ona işıq verən. Nəhayət o axtardığı sualına cavab tapdı. O gündən Ayla Günəş mehriban dost oldular. Bu dostluq Ayı dahada parlaq etdi. Buna Yer və onun insanlarıda sevindi.

Комментариев нет:
Отправить комментарий