Azərbaycan
və Talış tarixində diplomat, sərkərdə və dövlət xadimi kimi bir iz qoymuş Talış
xanı Mir Mustafa xan Talışidir. O, məhşur Talış xanı, Talış xanlığının banisi
olan Siyoəlinin (Qaraxanın) oğludur. Atasi Siyoəli xanın ölümündən sonra
hakimiyyətə cıxmışdı.
Təvəllüd
tarixi haqqında bizdə dəqiq olan məlumat, yaxud da mənbə yoxdur. Hüseyn
Əhmadinin "Talışlar" kitabında Mir Mustafa xanın 14 yaşında
hakimiyyətə gəldiyi göstərilir ki, bu da onun doğum tarixinin 1773 cü il olduğu
qənaətini yaradır. Mənim fikrimcə bu səhv fikirdir, "Əxbərnamə”ni tam
oxuduqdan sonra ehtimal etmək olar ki, Mir Mustafa xan 1747 ci ildə Lənkəranda
anadan olmuşdur.
Mir
Mustafa xanın hakimiyyəti dövründə (1787-1814) Talış xanlığı xeyli genişlənmiş
və möhkəmlənmişdir. Mir Mustafa xan atasının siyasətini davam etdirirdi. Atasi
Siyoəli Talış xanlığının paytaxtını Astaradan Lənkərana köçürtmüşdü. Lənkəranın
inkişafı üçün əlindən gələni əsirgəməmişdi. Böyük və Kiçik bazar Siyoəli xanın
dövründə yaranmışdı, Mayak və Lənkəran qalasi məhz onun dövründə tikilmişdi.
Siyoəli xan öz vəsaiti hesabına təhsil üçün pul ayırmışdı. Talış balaları
Siyoəlinin vəsaiti hesabına İranda, İraqda və Bombeydə təhsil alırdılar.
Mirmustafa xan da atasının yolunu davam etdirirdi. Atasının dövründə olan daimi
qoşunun sayını artırmışdı. Xan sarayını dəniz kənarına köçürtmüşdü.
Bunlarla
yanaşı Mir Mustafa xan Talış xanlığının ərazi bütövlüyünü, mədəniyyətini və
iqtisadiyyatını möhkəmləndirir və nəticədə Talış xanlığı digər xanlıqlardan
qat-qat inkişaf etmiş xanlığa cevrilir.
Mühüm
strateji və ticarət əhəmiyyətli Talış xanlığını tutmağa calışan İran şahlığı
əleyhinə mübarizə aparırdı. Ümumiyyətlə Talış xanları Qacarların hakimiyyətini
tanımırdılar!!!
Dövrün
bir cox tarixçiləri, salnaməçiləri, səyyahları Mir Mustafa xanın Talış
xanlığının idarə etməsindən bəhs edərkən onu uzaqgörən diplomat, mahir
siyasətçi, cəsur sərkərdə kimi xarakterizə etmişlər. Ömrünün 40 ilini səyahətdə
keçirmiş, dünyanı gəzib-dolaşmış məhşur Azərbaycan alimi, etnoqrafi, səyyahı və
şairi, 1796-cı ildə Lənkəranda olmuş, şəxsən özü Mir Mustafa xanı görmüş Hacı
Zeynalabdin Şirvani (1780-1834) "Bustanus seyahe" adlı əsərinin
524-cü səhifəsində yazir: "1796-cı ildə Talış xanlığının hakimi Mir Mustafa
Xan Seyid Calalul Qadir idi, ölkəni ədalətlə idarə edirdi"
Böyük
fransız yazıçısı Jan Kever şah Qacara həsr etdiyi "Xacə Şah" əsərində
Mir Mustafa xan haqqında yazırdı: "Mir Mustafa xan Talışi talış xalqının
atasi idi"
Lənkəran
hərbi komendantı kapitan Veselaqo Qafqaz Ordusunun baş komandanı general
Rtişevə 1814-cü ildə belə yazırdı: "Talış xanı Mir Mustafa xan
Talışinskiyə gəlincə o, ən yaxşı hakimdir".
Mir
Mustafa xanın hakimiyyəti illərində üc dəfə Ağa Məhəmməd Şah Qacar (1779-1797),
üc dəfə Fətəli şah (Baba şah) Qacarın (1797-1834) orduları Talış xanlığına
hücum çəkmişlər. Lakin hər iki şahın hücumu Mir Mustafa xanın sərkərdə bacarığı
nəticəsində məğlubiyyətlə nəticələnmişdi.
Mir
Mustafa xanın tarix səhnəsində ilk parlaq qələbəsi Qəzvində başlayır.
Gilan torpaqları
Siyoəlinin dövründən tutmuş düz Mir Mustafa xana qədər Talışa tabe idi. Lakin
Gilanı işğal edən Qacarlar onu İranın tərkibinə daxil etdilər. Buna qəzəblənən
Mir Mustafa xan Gilanı Qacarlardan qaytarmaq üçün talışlardan ibarət 3 minlik
qoşunu ilə İrana yürüş edir və Qəzvində Qacar qoşunu ilə toqquşur. Bu döyüşdə
Talışların göstərdiyi şücaət, həmçinin Mir Mustafa xanın ağıllı taktikası Qacar
ordusunu pərən-pərən edir və Mir Mustafa xan həmən döyüşdə Şah Qacarın ordusuna
qalib gəlir. Qələbədən ruhlanan Mir Mustafa xan Qacarların paytaxtı olan
Tehranı tutmaq istəyir və qoşunu Tehrana tərəf aparır. Bu xəbəri alan Ağa
Məhəmməd şah Talış ordusunun qabağını almaq üçün 7 minlik qoşunu Mir Mustafa
xanın qoşununun üstünə göndərir, Qoşunların say nisbəti İranlıların xeyrinə
olsa da, onlar Mir Mustafa xanı məğlub edə bilmirlər. Aparılan danışıqlardan
sonra Mir Mustafa xan öz qoşununu İrandan çıxardır, bunun müqabilində isə Ağa
Məhəmməd şah Qacar Gilanın Talış ərazisi olduğunu tanıyır. Mir Mustafa xanın
İrana bu yürüşü Talış xanlığının ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı,
hər il Gilandan Talış xanlığına xərac verilməsi ilə nəticələnir . Mir Mustafa
xanın bu parlaq gələbəsi Talışda bir bayram kimi qeyd olunur. Mir Mustafa xanın
qızı Qəmərağa xanım öz gündəliyində yazir: "Atamın yaxın qohumları, ailəsi
və Talış əhalisi Xanı Butəsər (indiki Pensər) kəndində bir bağda gözləyirdilər.
Yağış yağdığı üçün bağdakı ağacların üstü xalçalarla örtülür və böyük bir zal
hazırladılır. Atam Mir Mustafa xan Bağdan düzəldilmiş Zala – Boğəzala daxil
olan kimi, əslən Şamaxıdan olan musiqiçilər heç yerdə səslənməyən, Talış Xanına
həsr etdikləri, marşa oxşar bir musiqini çalırlar, bu anda mənim bibim
oynaya-oynaya atamın qabağına gəlib, onu qarşıladı" Qeyd üçün bildirim ki,
bu mahnı Talışda Bogəzalı kimi məhşurlaşır, sonradan bütün Azərbaycana yayılır
və adı dəyişikliklərə məruz qalaraq "Vagzalı" kimi tanınır.
Bəli,
Mir Mustafa xanın bu qələbəsi Talışların hərb tarixinə düşmüş ən parlaq
qələbələrdən biridir.
Bu
məğlubiyyətdən sonra Ağa Məhəmməd şah Qacar Mir Mustafa xana məktub yazaraq,
Mir Mustafa xana onunla birləşib, digər xanlıqları işğal edib, İranın tərkibinə
qatmaq təklifini edir ki, Mir Mustafa xan bu təklifi rədd edir. Ağa Məhəmməd
şah Mir Nustafa xanın etirazını həzm edə bilmir və Talışa hücum edir. Lakin bu
dəfə də Mir Mustafa xana uduzur. Lakin Qacar bu məğlubiyyətdən sarsılmır və öz
ordusunu gündən-günə artırır ki, bunu bilən Mir Mustafa xan Qacardan qorunmaq
məqsədi ilə Rusiyaya meyl göstərir və 1795-ci ildə öz qardaşı Kərbəlayi
Əsadullanı Rusiya imperatriçası Yekaterinanın yanına gönderir. Kərbəlayi
Əsadulla 1795-ci ilin mart ayının 12-də Yekaterinanın qəbulunda olur.
İmperatrisa ilə danışıqlar uğurla nəticələnir, hətta İmperatrisa Mir Mustafa
xana Rusiyanın hərbi rütbəsi olan general-mayor rütbəsini, habelə hərbi rütbəyə
aid geyim paltarları və digər əşyalar da təqdim edir.
Talış
xanlığının İrandan qorunması üçün Rusiya öz hərbi qüvvələrini Talışa göndərdi.
1796-cı
ilin 17 noyabrında Yekaterina vəfat etdi. Yerinə oğlu 2-ci Pavel keçdi. O,
Fransanın doğurduğu təhlükəni hiss edib, Talışda olan qoşununu geri çağırdı.
1797-ci ildə Ağa Məhəmməd şah növbəti dəfə öz qoşunu ilə Talışa soxuldu və
növbəti dəfə məğlubiyyətə uğradı. Talışların necə döyüşçü olduqlarını anlamaq
üçün haşiyə çıxaraq, fransız yazıçısı Jan Keverin yazdığı "Xacə Şah”
əsərindən bir parçanı vermək kifayətdir: "Ağa Məhəmməd şah Qacarın
hərbiçilərinin Talişa yürüşü başladı. Xanlığın müdafiəsində kişilərlə yanaşı
qadınlar da əli silahlı vuruşurdular. O qadınlar elə cürətli və məharətli
idilər ki, vəhşi heyvanlardan qorxmur, onları ya öldürür, ya da ram edirdilər.
Talış kişiləri belə güclü və cürətli qadınlardan doğulub, ərsəyə gəlmişdilər.
Onları məğlub etmək asan iş deyil!”…
Mir
Mustafa xan daha çox müstəgil siyasət yürütməyə çalışırdı. O, istəmirdi ki,
Talış xanlığı nə Qacarların, nə də Rusiyanın tərkibində olsun. 19-cu əsr
tarixçisi Mirzə Əhməd "Əxbərnamə" əsərində yazir: "Mir Mustafa
xan Rusiyanın Talış xanlığını işğal etmək niyyətində olduğunu bildikdə, qəzəblə
demişdi: "...əgər Rusiya dövləti belə bir iddiada olarsa, Qacar kimi onu
da qovaram!"
Ağa
Məhəmməd şah Qacar 1797-ci il 4 iyulda sui-qəsd nəticəsində öldürülür və İranda
hakimiyyətə Ağa Məhəmməd şahın qardaşı oğlu Baba xan kimi tanınan Fətali şah
gəlir və 1809-cu il sentyabrın 16-nda 11 minlik İran qoşunları Fətəli şah
Qacarın əmri ilə Talış xanlığına soxulurlar. Bu hücumdan qabaqcadan xəbərdar
olan Mir Mustafa xan hər ehtimala qarşı 3 min ailəni, o cümlədən öz ailəsini
sentyabrın 1-də Lənkərandan Sarı adasına köçürdür, boş bir ərazidə iki böyük
qoşun, Talış-Qacar qoşunları bir-biri ilə toqquşdular, yenədə Mir Mustafa xanın
ordusu qalib gəldi.
Artiq Mir
Mustafa xanla bacara bilməyən İran şahı Fətəli şah Qacar Mir Mustafa xanla
qohum olmaq təklifini bildirdi. O, Mir Mustafa xanın qızı Bəyimağanı öz oğlu
Məhəmməd Əli Mirzə üçün almaq istəyirdi. Bu bir siyasət idi ki, İran şahı bu
nigah siyasəti ilə Talış xanını özünə tabe edə biləcəyini düşünürdü. Lakin Mir
Mustafa xan bu təklifi qəbul etmədi, üstəlik Fətəli şaha məktub yazaraq özünün
ondan üstün bir şəxs olduğunu bu cümlə ilə bildirdi: "Hərçənd Sizin adınız
padşahdır, lakin həqiqətdə mən də özümü sizdən əskik hesab etmirəm. Siz
Padşahsız, Mən də Talış XANI!”
Bu
sözlərə qəzəblənən Fətəli şah öz oğlu şahzadə Abbas Mirzəni 20 minlik qoşunla
Talışa göndərdi.
1812-ci
il avqustun 9-da gərgin doyüş nəticəsində Qacar qoşunu Lənkəran və Ərkivan
qalalarını tuta bildi. Lənkəran qalasında Qacarların 4 minlik qoşunu
yerləşdirilmişdi. Qalanın rəisi Sadiq xan Qacar və Məhəmməd bəy Qacar təyin
olunmuşdular.
Vəziyyəti
nəzərə alan Mir Mustafa xan Rusiyadan yardım almağa məcbur olur. Rusiya tərəfi
isə Talışı İran qoşunlarından azad etmək məqsədi ilə general P. S.
Kotlyarevskini (talış əhalisi onu general-zardamu – sarısaç general kimi
çağırırdılar) 2 minlik ordu ilə Talışa göndərir.
Generalın
ilk hücumunda Ərkivan qalasi azad olunur və Lənkəran qalasını mühasirəyə alır.
Nəhayət
əsas qanlı döyüş hicri-qəməri təqvimi ilə 1228-ci il Məhərrəm ayında Aşura gecəsində,
miladi təqvimi ilə 1813-cü il yanvar ayının 1-də baş tutur və Lənkəran qalası
ruslar tərəfindən alınır. Qacar qoşununun sərkərdələri Sadiq xan Qacar və
Məhəmməd bəy Qacar öldürülürlər. Bu döyüşdə İran qoşunundan 3 min nəfər döyüşdə
məhv edilmiş, qalanları isə Lənkəran (Vazaru) çayında boğulmuşdular.
Bu
münasibətlə Rusiya İmperatoru Aleksandr (1801-1825) Talış xanı Mir Mustafa xanı
general-leytenant rütbəsi ilə təltif edir.
Helə
həmin ildə Rusiya ilə İran arasında Gülüstan müqaviləsi bağlanır. Bu müqaviləyə
əsasən Azərbaycanın digər xanlıqları olduğu kimi, Talış xanlığı da Rusiyanın
tərkibinə daxil oldu...
Mir
Mustafa xan gözəl ailə sahibi olmuşdur. Mir Mustafa xanın həyat yoldaşı
Fəxrül-Nisə xanim Drıq xanlarının nəslindən idi. Mir Mustafa xanın bu qadından
8 oğlu: Mir Həsən xan, Mir Hüseyn xan, Mir Məmməd xan (Məhəmməd xan), Mir
Hidayət bəy, Mir İsmayıl bəy, Mir Əkbər bəy, Mir Abbas bəy, Mir Həmid bəy və 3
qızı olmuşdur: Qəmərağa xanım, Səkinə xanım, Bəyim xanım.
Mir
Mustafa xanın nəslindən gələnlər Lənkəranda və Yuxarı Nüvədi kəndində
yaşayırlar.
General-leytenant,
tanınmış sərkərdə, mahir diplomat, Talış xalqının atasi, Xəlifə İmam Əlinin
nəslindən olan Mir Mustafa xan Talışi 1814-cü il iyul ayının 26-da Lənkəranda
vəfat edir. Düz 105 ildən sonra, 1919-cu ildə qəbri sökülmüş, sümükləri
Kərbəlaya aparılıb, orada dəfn olunmuşdu. Xanın qızıl suyu ilə yazdırdığı
müqəddəs Qurani-Kərim bu nəsildən olan prezident təqaüdçüsü Mir Həşim Talışlıda
qiymətli yadigar kimi qorunub, saxlanılıb, hal-hazırda isə Mir Həşim Talışlı bu
kitabı Mir Mustafa xanın nəslindən olan professor Əzizağa Talışinskiyə
vermişdir. Əzizağa Talışinski bu kitabı qoruyub saxlayır. Qeyd üçün bildirim
ki, Qurani-Kərimin sonuncu səhifəsində Xanın adı bu formada qeyd olunub: "bu
kitab Mir Mustafa xan Talışi Seyid Əli Hüseyniyə məxsusdur".
Mir
Mustafa xanın babalarından qalan, təqribən 400 yaşı olan digər müqəddəs
Qurani-Kərim bu nəslin nümayəndəsi olan Yadulla Rəcəbovda (Xansuvarovda)
qiymətli yadigar kimi qorunub, saxlanılır.
Hazırda
Lənkəran şəhərinin mərkəzi küçələrindən biri Mir Mustafa xanın adını daşıyır.
Mənbələr:
1.Seyidəli
Kazım bəy oğlu: "Cavahirnameyi-Lənkəran",
2.Mirzə
Əhmad Mirze Xudaverdi oğlu: "Əxbərnamə"
3.Teymur
bəy Bayraməlibəyov: "Talış xanlığının tarixi"
4.Abbasqulu
ağa Bakıxanov: "Gülüstani-İrəm",
5.G.Məmmədzadə:
"Lənkəran mahalının sərkərdələri",
6.E.Q.Vaydenbaum:
"Putevoditel po Kavkazu",
7.H.Axmadi:
"Talışi",
8.J.Kever:
"Xacə Şah"
9.H.Zeynalabdin
Şirvani: "Bustanus-Seyahe"
10.F.Əsədov:
"Talış xanlığı"
11.Raport
N.F.Rtişeva "o vzyatii Lenkorani"
12.Mirmustafa
xanın qızı Qəmərağa xanımın gündəliyindən, həmçinin. Azərbaycan Mərkəzi
Arxivinin, Rusiyanın Xarici Siyasət Arxivinin, Rusiyanın MərkəziHərbi
Arxivinin materiallarından istifadə olunub

Комментариев нет:
Отправить комментарий